Qətərdə keçirilmiş Fransa yığması ilə dünya çempionatının final oyunu Argentina millisinin kapitanı Lionel Messi üçün əlamətdar olub. Corner.az xəbər verir ki, 35 yaşlı hücumçu dünya çempionatlarındakı qolların sayına görə Braziliya yığmasının əfsanəvi hücumçusu Peleni geridə qoyub.
O, buna fransızlara vurduğu iki qolla nail olub. Hazırda hesabında 13 qol olan Messi, Jüst Fontenlə birgə 4-cü ən məhsuldar futbolçudur. Dünya çempionatlarında ən çox qol vuran futbolçular isə Miroslav Kloze (16), Ronaldo Nazario (15) və Gerd Müllerdir (14).
Təcrübəli futbolçu dünya çempionatlarında meydanda olduğu dəqiqələrin sayına görə isə İtaliya millisinin sabiq müdafiəçisi Paolo Maldinini (2 216 dəqiqə) geridə qoyub. Matçın startınadək Messidə bu göstərici 2 194 dəqiqə olub. O, Fransa ilə görüşün 23-cü dəqiqəsində Maldininin rekordunu yeniləyərək, mütləq rekordçuya çevrilib.
Argentina ilə həlledici oyunda het-trik edən Kilian Mbappe isə dünya çempionatlarındakı qollarının sayını 12-yə çatdırıb. Bununla da o, Peleyə çatıb. Maraqlıdır ki, həm Pele, həm də Mbappe 12 qolu 14 oyunda vurub.
Xatırladaq ki, Argentina - Fransa oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:2) argentinalılar 3-cü dəfə dünya çempionu olublar.