Uruqvay milli komandasının hücumçusu Edinson Kavani Qətərdəki dünya çempionatında Qana ilə oyunda baş verənlərə münasibət bildirib. Corner.az xəbər verir ki, 35 yaşlı futbolçu həmin hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, sözügedən oyunun hakimləri ilə bağlı sərt fikirlər söyləyib.
“Cadena Ser” nəşrinə danışan təcrübəli futbolçu Almaniyalı hakim Daniel Ziberti tənqid edib: “VAR-a vurduğum üçün mənə cəza verilə bilər. Amma belə olsa, bizi dünya çempionatından kənar qoyan bu hakimi də həbsə salmalıdılar. Təbii ki, FİFA-dan mümkün cəza almağım məni narahat edir. Çünki komanda yoldaşlarımdan və komandamdan ayrı qala bilərəm”.
Xatırladaq ki, Uruqvay yığması Qana ilə oyundan 2:0 hesablı qələbə ilə ayrılsa da, qrupdan çıxa bilməmişdi. Həmin matçın 90+4-cü dəqiqəsində Kavani meydanın rəqibin cərimə meydançasında kobudluğa məruz qalsa da, hakim penalti təyin etməmişdi. VAR-ın da bu epizoda müdaxilə etməməsi uruqvaylıları çılğına döndərmişdi. Komandanın qapıçısı Fernando Muslera və müdafiəçi Dieqo Qodin hakimlərə qarşı intizamsız hərəkətlərinə görə diqqət mərkəzinə düşmüşdüsə, Xose Mariya Ximenes iali futbol qurumunun nümayəndəsi Kolin Simiti vurmuşdu. Kavani isə oyundan sonra soyunub-geyinmə otağına yollanarkən VAR monitorina zərbə vuraraq onu aşırtmışdı.
FİFA bütün bu hadisələrə görə intizam işi açıb. Ali futbol qurumunun yekun qərarını nə vaxt açıqlayacağı hələ bilinmir.