- Dünya çempionatı
- 22:53 04.12.2025
2026-cı il Dünya Çempionatının seçmə mərhələsində İtaliya yığması ilə qarşılaşacaq İsrail millisinin oyunu ərəfəsində İsrail Futbol Federasiyasının prezidenti Moşe Zuares bəzi ölkələrin İsrail komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırılması təkliflərinə münasibət bildirib.
90deqiqe.Az “Corriere della Sera”ə istinadən xəbər verir ki, o, bu cür çağırışlarda ikiyüzlülük olduğunu vurğulayıb.
“Bu təkliflərdə çoxlu ikiyüzlülük var. İsrailin kənarlaşdırılmasını tələb edənlər 7 oktyabrda kimin hücuma məruz qaldığını, kimin iki il əsirlikdə olduğunu və kimin sülhə nail olmaq üçün bütün cəhdlərdən imtina etdiyini unudurlar. Heç kəs İsrailin təcrid olunmasının hansı fayda verə biləcəyini izah etməyib. Lakin son hadisələr fonunda bu təhdid artıq öz aktuallığını itirib”
O, futbolu ölkədəki ağır reallıqlardan ayırmağa çalışdıqlarını, lakin bunun demək olar ki, mümkün olmadığını qeyd edib: “Bəzən bu vəziyyət bizə güc versə də, bəzən tam əksinə olur. Təsəvvür edin ki, səfərdə olarkən ölkədəki hücumlar və ya həyəcan siqnalları haqqında xəbərlər alırsınız. Bunu belə vəziyyətlə üzləşməyənlərə izah etmək çətindir.”
Zuares İtaliyanın Udine şəhərində keçiriləcək matçın atmosferi ilə bağlı da danışıb: “Keçən il hər şey rəvan keçdi. Bəli, azsaylı bir qrup bizim himnimizi fit çaldı, amma azarkeşlərin əksəriyyəti himni alqışlarla qarşıladı – bu, çox təsirli idi. Əgər bu dəfə də kimsə bizim əleyhimizə olarsa, biz yenə də oynamağa hazır olacağıq.”
Futbolun dialoq və sülh platforması olaraq qalıb-qalmaması sualına isə Zuares belə cavab verib: “Mən həmişə bunu vurğulayıram, amma qarşı tərəf dialoqdan imtina edir. Fələstin Futbol Federasiyası və onun rəhbəri, 7 oktyabr hadisələrini dəstəkləyərək və tərənnüm edərək bizi kənarlaşdırmağa çağırır – bu, utancvericidir. İnsanlar faktları unudur. Buna baxmayaraq, futbol yenidən bərpa, əməkdaşlıq və insanlar arasında qarşılıqlı anlaşma məkanı olmalıdır.”
Qeyd edək ki, İtaliya – İsrail matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.