- Dünya çempionatı
- 22:53 04.12.2025
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatında iştirak edəcək heyətlə bağlı açıqlama verib.
90deqiqe.Az "ESPN"ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis bildirib ki, mundiala yalnız fiziki və oyun baxımından tam hazır olan futbolçular çağırılacaq.
Onun sözlərinə görə, bu qərar Neymar və Vinisius Junior kimi ulduzlara da şamil olunur və hər iki futbolçunun mundiala aparılıb-aparılmayacağı hazırkı durumlarından asılı olacaq.
“Neymar 100% hazır olmalıdır. Çox yaxşı oyunçularımız var və mən yalnız tam hazır olanları seçəcəyəm. Bu, yalnız Neymara aid deyil — Vinisiusa da aiddir. Əgər Vinisius 90% hazır olacaqsa, mən 100% hazır olan başqa futbolçuya üstünlük verəcəyəm. Komandanın səviyyəsi çox yüksəkdir, xüsusilə hücum xəttində. Yetərincə keyfiyyətli hücumçularımız mövcuddur”
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.