- Dünya çempionatı
- 02:31 18.03.2026
Afrika Futbol Konfederasiyasının (KAF) Apellyasiya Şurası 2025-ci il Afrika Millətlər Kubokunun final oyunu ilə bağlı mühüm qərar qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, qurumun yaydığı açıqlamaya əsasən, Seneqal millisi turnirin reqlamentinin 82 və 84-cü maddələrini pozduğuna görə final matçında texniki məğlubiyyətlə üzləşib. Qərara əsasən, oyun 0:3 hesabı ilə Mərakeşin xeyrinə qeydə alınıb.
Bildirilib ki, Mərakeş Kral Futbol Federasiyasının təqdim etdiyi apellyasiya şikayəti forma baxımından məqbul sayılıb və təmin edilib. Bununla da KAF-ın İntizam Komitəsinin əvvəlki qərarı ləğv olunub.
Apellyasiya Şurası Seneqal Futbol Federasiyasının hərəkətlərinin reqlamentin 82-ci maddəsini pozduğunu təsdiqləyib və 84-cü maddəyə uyğun olaraq komandaya texniki məğlubiyyət verilib. Nəticədə Mərakeş millisi Afrika çempionu elan olunub.
Eyni zamanda, digər epizodlarla bağlı qərarlar da açıqlanıb:
Mərakeş millisinin futbolçusu İsmail Səybari ilə bağlı apellyasiya qismən təmin edilib. Onun intizam pozuntusu təsdiqlənsə də, cəza yüngülləşdirilib – futbolçu iki rəsmi KAF oyunundan kənarlaşdırılıb, bunlardan biri şərti hesab olunur. Ona tətbiq edilən 100 min ABŞ dolları məbləğində cərimə isə ləğv olunub.
Top toplayan uşaqlarla bağlı insidentə görə məsuliyyət Mərakeş Futbol Federasiyasının üzərinə qoyulub. Bu epizod üzrə cərimə 50 min dollara endirilib.
VAR (OFR) zonasına müdaxilə ilə bağlı şikayət rədd edilib və bu məsələ üzrə tətbiq edilən 100 min dollarlıq cərimə qüvvədə saxlanılıb.
Lazer insidenti ilə bağlı qərar qismən dəyişdirilib və cərimə 10 min dollara qədər azaldılıb.
KAF Apellyasiya Şurası digər bütün müraciət və şikayətləri isə rədd edib.