- Dünya çempionatı
- 22:25 29.03.2026
ABŞ millisinin və "Milan" klubunun yarımmüdafiəçisi Kristian Pulişiç Belçikaya qarşı keçirilən yoldaşlıq oyunundakı məğlubiyyəti şərh edib.
90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, Pulişiç bildirib ki, belçikalı futbolçuların forması amerikalıların geyimi ilə oxşar olduğu üçün meydanda əlavə çətinlik yaradıb.
“Bu, qətiyyən bəhanə deyil, çünki hər iki komanda eyni vəziyyətlə üzləşib. Amma belə hallar baş verməməlidir. Bu, bir qədər qəribə idi. Çox vaxt topu qəbul edirsən, başını qaldırırsan və baxışını konkret nəyəsə yönəltmək çətin olur. Sən əsasən forma rənginə görə istiqamətlənirsən. Bu cür işləyir. Rənglər çox oxşar olduqda isə çətinləşir”, – deyə futbolçu qeyd edib.
Qeyd edək ki, dünya çempionatının ev sahibi olan ABŞ millisi bu qarşılaşmada 2:5 hesabı ilə uduzub.
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettinonun komandası FIFA reytinqində 15-ci pillədə qərarlaşıb. Komanda aprelin 1-də dünya reytinqində 6-cı yerdə olan Portuqaliya millisi ilə növbəti yoldaşlıq görüşünü keçirəcək.