- Dünya çempionatı
- 22:13 28.05.2026
Hücumçu Neymar baldır əzələsindən zədə alıb.
90deqiqe.Az-ın “ESPN Brasil"a istinadən məlumatına görə, Braziliyanın ulduz futbolçusunun bərpası üçün vaxt lazım olduğu bildirilir. Dünya çempionatının startına isə cəmi iki həftə qalıb. Buna görə də “seleçao”nun Neymarı mundialdan əvvəl heyətdən kənarlaşdırmaq məcburiyyətində qalması riski mövcuddur.
Hazırda milli komandada Neymarın heyətdən çıxarılması məsələsi gündəmdə deyil. Futbolçu müalicəsini davam etdirəcək və 12 iyunda təkrar tibbi müayinədən keçəcək. Qərar da məhz bu müayinənin nəticəsindən asılı olacaq.
Əgər Neymarın tam bərpası üçün daha uzun müddətə ehtiyac olduğu müəyyənləşsə, onun dünya çempionatının iştirak ərizəsindən çıxarılması mümkündür.
FİFA qaydalarına əsasən, futbolçunu turnirin yekun siyahısından ilk matçdan ən gec 24 saat əvvəl çıxarmaq olar. Bu o deməkdir ki, Braziliya 13 iyun saat 01:00-dək Neymarı başqa futbolçu ilə əvəz edə bilər.
“Seleçao” dünya çempionatındakı ilk oyununu Mərakeşə qarşı keçirəcək.
Qeyd edək ki, futbolçunun zədəsi FİFA həkimi tərəfindən də təsdiqlənməlidir. Beləliklə, tibbi təsdiq olmadan siyahıda dəyişiklik mümkün deyil.