- Dünya çempionatı
- 01:06 12.06.2026
2026-cı il futbol üzrə dünya çempionatının açılış matçı başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Meksika və Cənubi Afrika Respublikası milli komandaları arasında keçirilən görüş Mexikodakı “Asteka” stadionunda oynanılıb. Matçın baş hakimi braziliyalı Vilton Sampaio (Terezina-di-Qoyas) olub.
Görüş Meksika millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda ilk qolu 9-cu dəqiqədə Meksika millisinin hücumçusu Xulian Kinyones vurub. 49-cu dəqiqədə Cənubi Afrika Respublikasının yarımmüdafiəçisi Yaya Sitxole son ümid qaydası pozuntusuna görə qırmızı vərəqə ilə meydandan qovulub.
67-ci dəqiqədə Meksika millisinin hücumçusu Raul Ximenes fərqi iki topa çatdırıb. 84-cü dəqiqədə Cənubi Afrika Respublikasının hücumçusu Temba Zvane VAR baxışından sonra rəqib futbolçunun üzünə zərbə endirdiyinə görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
90+2-ci dəqiqədə isə Meksika millisinin müdafiəçisi Sesar Montes də qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Qarşılaşma 2:0 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra Meksika A qrupunda 3 xalla birinci pillədə qərarlaşıb. Cənubi Afrika Respublikası isə xalsız olaraq dördüncü yerdədir. Qrupun digər matçında 12 iyunda Cənubi Koreya və Çexiya üz-üzə gələcək.
Meksika millisi 2-ci turda Cənubi Koreya (19 iyun), 3-cü turda isə Çexiya (25 iyun) ilə qarşılaşacaq. Cənubi Afrika Respublikası isə 2-ci turda Çexiya (18 iyun), 3-cü turda Cənubi Koreya (25 iyun) ilə oynayacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci il finalında Argentina və Fransa qarşılaşıb. Əsas vaxt 3:3 hesabı ilə bitib, penaltilərdə isə argentinalılar 4:2 hesabı ilə qalib gəliblər.