- Dünya çempionatı
- 10:52 13.06.2026
Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) Qana millisinin yarımmüdafiəçisi Tomas Parti ilə bağlı Kanada hökumətinin viza qərarına münasibət açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, 2026-cı il dünya çempionatı çərçivəsində Qana – Panama (18 iyun) matçından əvvəl futbolçunun Kanadaya daxil ola bilməyəcəyi bildirilib. Səbəb isə onun viza müraciətinin Kanada hökuməti tərəfindən rədd olunmasıdır.
FİFA-nın açıqlamasında qeyd olunub ki, Tomas Parti ABŞ-ın Boston şəhərində yerləşən Qana millisinin düşərgəsindən Kanadaya yollana bilməyəcək və buna görə də qarşıdakı oyunda iştirak etməsi mümkün olmayacaq.
Qurum vurğulayıb ki, FİFA ev sahibi ölkələrin immiqrasiya proseslərinə, o cümlədən viza məsələlərinin baxılmasına müdaxilə etmir və bu istiqamətdə qərarlar tamamilə qəbul edən ölkənin hökumətinə məxsusdur.
Bildirilib ki, əvvəlki turnirlərdə olduğu kimi, hansı şəxslərin vizaya və ölkəyə giriş icazəsinə sahib olacağına dair yekun qərarı ev sahibi dövlət verir.
Qeyd edək ki, Kanada hökumətinin rəsmi məlumatında cinayət törətmiş və ya məhkum olunmuş şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyula biləcəyi bildirilir. Tomas Parti 2025-ci ilin iyulunda London polisi tərəfindən bir neçə zorlama ittihamı ilə ittiham olunub. Futbolçu ittihamları qəbul etmir və məhkəmə prosesini gözləyir.