- Dünya çempionatı
- 23:23 14.06.2026
2026-cı il dünya çempionatında hakim kimi fəaliyyət göstərməsi planlaşdırılan, lakin ABŞ-yə girişinə icazə verilməyən somalili referi Ömər Əbdülqadir Artan turnirdə iştirak etməsə də, bütün qonorarını alacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) qərar qəbul edib.
Məlumata görə, FİFA dünya çempionatına təyinat alan hakimlərin ödənişlərini turnir başa çatdıqdan sonra həyata keçirir. Yarışda xidmət göstərən referilərin əldə etdiyi məbləğ təyinatlar və performans bonuslarından asılı olaraq 100 min dollara qədər yüksələ bilir. Hakimlərə alacaqları dəqiq məbləğ isə əvvəlcədən açıqlanmır.
34 yaşlı Ömər Əbdülqadir Artan dünya çempionatında idarəçilik edəcək ilk somalili hakim olmağa hazırlaşırdı. Lakin o, Mayami hava limanında “terror əlaqələri şübhəsi” səbəbi ilə 11 saat sorğu-suala tutulub və daha sonra ABŞ ərazisinə buraxılmayıb.
FİFA prezidenti Canni İnfantino turnirin əvvəlində keçirdiyi mətbuat konfransında hadisəyə münasibət bildirərək baş verənləri “təəssüf doğuran hadisə” kimi qiymətləndirmişdi.
Qeyd edək ki, Afrika Futbol Konfederasiyası tərəfindən 2025-ci ilin ən yaxşı hakimi seçilən Artan ABŞ-yə girişinə qadağa qoyulduqdan sonra növbəti beynəlxalq təyinatını alıb. Somalili referi avqustun 12-də Avstriyanın Zaltsburq şəhərində keçiriləcək UEFA Superkuboku uğrunda PSJ və “Aston Villa” komandaları arasındakı qarşılaşmada hakimlər briqadasında yer alacaq.