- Dünya çempionatı
- 01:15 22.06.2026
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatında Səudiyyə Ərəbistanına qarşı qazanılan böyükhesablı qələbəni şərh edib.
90deqiqe.Az xəbər verir ki, "AS" nəşri çalışdırıcının dediklərini belə çatdırıb.
“Biz əla birinci hissə, yaxşı da ikinci hissə keçirdik. Bu qələbə komandanın inkişafını davam etdirməyə və növbəti vacib oyunlara hazırlaşmağa imkan verir. Amma unutmamalıyıq ki, qarşıda bizi daha çətin rəqib gözləyir”
O, komandanın oyun planına da toxunub:
“Daha aqressiv oynamaq, tempi artırmaq, topu daha tez cərimə meydançasına çatdırmaq və daha çox şans yaratmaq istəyirdik. Komanda ilk dəqiqələrdən rəqibi müdafiəyə çəkilməyə məcbur etdi və matçdan əvvəl danışdıqlarımızı meydanda yerinə yetirdi”.
De la Fuente futbolçuların əvvəlki oyundan sonra motivasiyasının yüksək olduğunu da vurğulayıb:
“Onların əsəbi və ya qəzəbli olması normaldır. Heç kim öz peşəkarlığının və bacarığının şübhə altına alınmasını istəmir. Bu reaksiya tamamilə təbiidir. Biz isə doğru yolda olduğumuzu göstərmək istəyirdik”.
Baş məşqçi komandasının çıxışını da yüksək qiymətləndirib:
“İntensivlik, temp və top hərəkəti xoşuma gəldi. Topa nəzarət etdik, amma bunu konkret məqsədlə etdik və hücumu daim gücləndirməyə çalışdıq. Hücumda bizim vizit kartımız olan çoxlu elementlər var idi”.
O, Lamin Yamalın əvəzlənməsinə də aydınlıq gətirib:
“O artıq tam oyun keçirməyə hazırdır. Amma bəzən futbolçunu daha çox oynamaq istəyi ilə meydandan çıxarmaq faydalıdır. O bunu yaxşı başa düşür, həm özü, həm də biz onun durumundan razıyıq”.
Qeyd edək ki, qrup mərhələsinin ikinci turunda keçirilən görüş İspaniyanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə sayəsində İspaniya millisi qrupda mövqeyini gücləndirib və 4 xalla pley-off mərhələsinə yaxınlaşıb.