- Dünya çempionatı
- 22:29 22.06.2026
İtaliya Futbol Federasiyasının yeni prezidenti vəzifəsinə İtaliya Milli Olimpiya Komitəsinin sabiq rəhbərlərindən Covanni Malaqo seçilib.
90deqiqe.Az xəbər verir ki, İtaliya milli komandasının 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsində uğursuz çıxış etməsindən sonra istefa verən federasiya prezidenti Qabriyele Qravinanın varisini müəyyənləşdirmək məqsədilə bu gün Romada federasiyanın növbədənkənar seçkili ümumi yığıncağı keçirilib.
İtaliya Milli Olimpiya Komitəsinə 2013–2025-ci illərdə rəhbərlik etmiş Covanni Malaqo ilə 2007–2014-cü illərdə İtaliya Futbol Federasiyasının prezidenti olmuş Cankarlo Abete seçkidə mübarizə aparıblar.
Ümumi yığıncaqda səslərin 68,5 faizini qazanan 67 yaşlı Covanni Malaqo İtaliya Futbol Federasiyasının yeni prezidenti seçilib.
Seçkidə qalib gəldikdən sonra çıxış edən Malaqo İtaliya futbolunu yenidən uğurlu günlərinə qaytarmaq üçün çalışacağını bildirib.
O, bu məsuliyyətli vəzifəyə layiq görüldüyünə görə həyəcanlı olduğunu vurğulayaraq deyib:
“Mənim hər zaman yalnız bir məqsədim olub: İtaliyanı daha da güclü etmək.”
Malaqo, İtaliya Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi dövrdə xüsusilə 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında İtaliya yığmasının tarixinin ən yüksək medal göstəricilərindən birinə nail olduğunu, həmçinin 2026-cı ildə Milan və Kortina d'Ampezzoda təşkil olunacaq Qış Olimpiya Oyunlarının hazırlanmasında mühüm rol oynadığını xatırladıb.
Yeni prezident onu dəstəkləyənlərin bu uğurların İtaliya Futbol Federasiyasında da təkrarlana biləcəyinə inandıqlarını qeyd edərək bildirib:
“Düşünürəm ki, mənə dəstək verənlər əldə etdiyim nailiyyətlərin İtaliya Futbol Federasiyasında da təkrarlana biləcəyinə inanırlar.”