- Dünya çempionatı
- 15:20 02.07.2026
Ekvador millisinin kapitanı və hücumçusu Enner Valensiya yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, 35 yaşlı futbolçu DÇ-2026-nın 1/16 final mərhələsində Meksikaya 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra milli komanda ilə vidalaşıb.
Final fitindən sonra emosiyalarına hakim ola bilməyən təcrübəli forvard diz çökərək göz yaşlarına boğulub. O, açıqlamasında Ekvador millisinin formasını daim qürurla daşıdığını bildirib.
"Kədərliyəm, amma eyni zamanda rahatam. Çünki hər zaman Ekvador yığmasına sadiq olmuşam. Bu, millidəki son oyunum idi. Hamı ilə sağollaşdım. Çox ağır gündür və bu cür vidalaşmaq istəməzdim", – deyə Valensiya vurğulayıb.
Qeyd edək ki, Enner Valensiya 2012-ci ildən Ekvador millisinin şərəfini qoruyurdu. O, yığmanın heyətində keçirdiyi 109 oyunda 49 qol vurub, 15 məhsuldar ötürmə edib. Təcrübəli hücumçu milli komandadakı çıxışları ərzində 15 sarı və 2 qırmızı vərəqə də alıb.