- Dünya çempionatı
- 15:20 02.07.2026
İspaniya millisinin sabiq yarımmüdafiəçisi Santi Kazorla peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, 41 yaşlı futbolçu qərarını sosial şəbəkə hesabı vasitəsilə ictimaiyyətə çatdırıb.
Karyerası ərzində "Vilyarreal", "Malaqa", "Arsenal" və "Əl-Sədd" kimi klubların formasını geyinən Kazorla ən yaddaqalan illərini İngiltərə təmsilçisində keçirib. O, London klubunun heyətində üç dəfə İngiltərə Kubokunun və üç dəfə Superkubokun qalibi olub.
Təcrübəli yarımmüdafiəçi İspaniya millisinin heyətində 2008 və 2012-ci illərdə Avropa çempionu adını qazanaraq ölkə futbolunun ən uğurlu nəslinin üzvlərindən biri kimi tarixə düşüb.
Kazorla 2023-cü ildən yetirməsi olduğu "Ovyedo"nun formasını geyinirdi. O, klub karyerası ərzində 774 oyunda 144 qol vurub, 156 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniya millisində isə 81 qarşılaşmada meydana çıxan futbolçu 15 qol və 11 məhsuldar ötürmə müəllifi olub.
Beləliklə, Avropa futbolunun son illərdəki ən texnikalı və yaradıcı yarımmüdafiəçilərindən biri peşəkar karyerasına rəsmən yekun vurub.