13 iyul 2026. Bazar ertəsi

Yuri Tilemans dünya çempionatının rekordunu yenilədi


Yuri Tilemans dünya çempionatının rekordunu yenilədi

Belçika millisinin yarımmüdafiəçisi Yuri Tilemans dünya çempionatında yeni tarixi rekorda imza atıb.

90deqiqe.Az xəbər verir ki, futbolçu Seneqal millisinə qarşı 1/16 final mərhələsinin oyununda təyin olunan penaltini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.

Hakimin epizodu uzun müddət video təkrar sistemi vasitəsilə yoxlamasından sonra təyin edilən penalti Tilemans tərəfindən oyunun 125-ci dəqiqəsində qola çevrilib. Bununla da o, dünya çempionatları tarixində əsas vaxt və əlavə vaxt daxil olmaqla ən gec vurulan qolun müəllifi olub.

Əvvəlki rekord 2006-cı il dünya çempionatına məxsus idi. Həmin mundialın yarımfinalında italiyalı Alessandro Del Pyero Almaniya millisinin qapısına 121-ci dəqiqədə qol vurmuşdu. Tilemans isə bu göstəricini dörd dəqiqə yaxşılaşdıraraq yeni rekorda imza atıb.

Qeyd edək ki, Belçika millisi dünya çempionatının 1/8 final mərhələsində ABŞ yığması ilə üz-üzə gələcək.







Dünya çempionatı