- Dünya çempionatı
- 22:34 08.07.2026
Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatının dörddəbir finalında qarşılaşacaqları Mərakeş yığmasının gücünü yüksək qiymətləndirib.
90deqiqe.Az xəbər verir ki, fransalı mütəxəssis rəqibin təsadüfən bu mərhələyə yüksəlmədiyini bildirib.
"Onların çox güclü futbolçuları var. Bu mərhələyə təsadüfən gəlib çıxmayıblar. Qarşılaşacaq iki komanda da topa sahib olmağı, hücum etməyi və qol vurmağı sevir. Sabah çox yüksək səviyyədə çıxış etməliyik. Çünki Mərakeş millisi böyük keyfiyyətə malik komandadır. Məşqçilər heyəti və şəxsən mənim məqsədim hər şeyin istədiyimiz kimi alınması üçün əlimizdən gələni etməkdir", – deyə Deşam bildirib.
Anasını bu yaxınlarda itirən baş məşqçi hazırda bütün diqqətini qarşıdakı oyuna yönəltdiyini vurğulayıb.
"Bu gün bütün fikrim yalnız Mərakeş millisi və qarşılaşmanın bizim xeyrimizə nəticələnməsi üzərində cəmlənib", – deyə o əlavə edib.
Deşam qeyd edib ki, Mərakeş millisində baş məşqçi dəyişikliyi və taktiki yeniliklər olsa da, komanda əvvəlki gücünü qoruyub saxlayıb.
"Onların inkişaf edib-etmədiyini söyləmək çətindir. Ancaq Afrika Millətlər Kubokunun finalına yüksəlmələri Mərakeşin yüksək səviyyəsini qoruduğunu göstərir. Heyətlərində çox keyfiyyətli futbolçular var. Onlar mənim oyunçularımı yaxşı tanıyırlar, mənim futbolçularım da onları tanıyır. Çünki bəziləri eyni klublarda çıxış edir, hətta dostluq münasibətləri də var", – deyə fransalı mütəxəssis bildirib.
Didye Deşam bir daha xatırladıb ki, bu dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi vəzifəsindən ayrılacaq.
"Məqsədimiz bu yolu uğurla başa vurmaqdır. Hazırda məni motivasiya edən yeganə amil budur", – deyə o vurğulayıb.
Qeyd edək ki, Fransa – Mərakeş görüşü iyulun 9-da keçiriləcək.