- Dünya çempionatı
- 23:59 10.07.2026
İsveçrə millisinin baş məşqçisi Murat Yakin 2026-cı il dünya çempionatının dörddəbir finalında Argentina ilə keçiriləcək oyun öncəsi komandasının taktiki planından danışıb.
90deqiqe.Az-ın məlumatına görə, Kanzas-Siti stadionunda təşkil olunan mətbuat konfransında çıxış edən mütəxəssis bildirib ki, komandası son dünya çempionuna qarşı müxtəlif taktiki variantlardan istifadə edəcək.
"Biz meydanda kollektiv oyun nümayiş etdirməliyik. Rəqibin ötürmə xətlərini bağlamaq üçün əlimizdən gələni edəcəyik. Son dünya çempionuna qarşı oynayacağıq, buna görə də meydanda üzərimizə düşən vəzifəni yerinə yetirməliyik.
Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Daha ağıllı oynamalı, kompakt müdafiə qurmalı və boş zonaları minimuma endirməliyik. Eyni zamanda öz futbolumuzu da oynayacağıq. Top bizdə olanda fəal çıxış edəcək, oyuna nəzarət etməyə və rəqibə mümkün qədər az top verməyə çalışacağıq", - deyə Murat Yakin bildirib.
Baş məşqçi İsveçrə millisinin 72 ildən sonra yenidən dünya çempionatının dörddəbir finalına yüksəlməsini də qürurverici hadisə adlandırıb.
"72 ildən sonra İsveçrəni bu mərhələdə təmsil etmək və son dünya çempionuna qarşı oynamaq mənim üçün böyük qürurdur. Amma biz bura sadəcə dörddəbir finala yüksəlmək üçün gəlməmişik. Məqsədimiz növbəti mərhələyə adlamaqdır.
Təəssüf ki, Yohan Manzambi bu oyunda iştirak edə bilməyəcək. O, məşqlərə qatıla bilmədi. Argentinaya qarşı öz oyun üslubumuzla çıxış edəcəyik və meydanda nəyə qadir olduğumuzu göstərəcəyik", - deyə o əlavə edib.