- Dünya çempionatı
- 03:53 12.07.2026
FİFA-nın prezidenti Canni İnfantino dünya çempionatında iştirak edən komandaların sayının artırılması ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, qurum rəhbəri 48 komandanın iştirak etdiyi mundial formatının özünü tam doğrultduğunu bildirib.
"Əlbəttə, bu qərar tamamilə doğru idi. İştirakçıların sayının 48-ə çatdırılması böyük uğur gətirdi. Turnirdə çıxış edən bütün komandalar yüksək səviyyəli oyun nümayiş etdirdilər. Hər qitəni təmsil edən yığmalar qol vurdu və ən azı bir xal qazandı. Afrikanı təmsil edən 10 komandadan doqquzu növbəti mərhələyə yüksəldi. Əvvəlki dünya çempionatında isə bu qitədən cəmi beş yığma iştirak edirdi. Məqsəd bütün ölkələrə dünya çempionatında çıxış etmək imkanı yaratmaqdır", - deyə o bildirib.
İnfantino dünya çempionatında iştirakçıların sayının gələcəkdə 64 komandaya çatdırılması ehtimalına da münasibət bildirib.
"Bu məsələ hazırkı dünya çempionatından sonra keçiriləcək müvafiq iclaslarda müzakirə olunacaq. Dünya çempionatını təşkil edərkən yalnız Avropa və Cənubi Amerikanın deyil, bütün dünyanın maraqları nəzərə alınmalıdır. Bütün xalqlara bu mötəbər yarışda iştirak etmək arzularını reallaşdırmaq imkanı verilməlidir. Hər kəs komandaların səviyyəsinin nə qədər yüksəldiyini gördü və bu inkişaf bütün qitələrdə davam edir. Kiçik ölkələrin yığmalarına dünya çempionatında iştirak imkanı verilməsə, onların daha da güclənmək üçün motivasiyası olmayacaq", - deyə FIFA prezidenti vurğulayıb.