- Dünya çempionatı
- 23:37 16.07.2026
2026-cı il dünya çempionatının yarımfinalında İngiltərəni məğlub etdikdən sonra üzərində "Malvin adaları argentindir" yazısı olan banner nümayiş etdirən Argentina millisinin futbolçuları ilə bağlı məsələ FİFA-nın diqqətinə səbəb olub.
90deqiqe.Az-ın məlumatına görə, hadisə ilə bağlı araşdırmanın dünya çempionatı başa çatdıqdan sonra aparılması gözlənilir.
FİFA-nın İntizam Komitəsinin nümayəndələri bildiriblər ki, qurumun müstəqil intizam orqanı standart prosedura uyğun olaraq oyun hesabatlarını və digər vacib detalları nəzərdən keçirir. Bundan sonra FİFA-nın İntizam Məcəlləsinə əsasən mümkün tədbirlərlə bağlı qərar veriləcək.
Qeyd olunur ki, Argentina futbolçularının nümayiş etdirdiyi banner Böyük Britaniya ilə Argentina arasında Malvin adaları (Folklend adaları) ilə bağlı uzun illərdir davam edən mübahisəyə işarə edir.
Bu səbəbdən həmin şüar siyasi məzmun daşıyır və FİFA-nın qaydaları ilə qadağan edilən siyasi mesajlar kateqoriyasına daxil ola bilər.
Xatırladaq ki, Argentina millisi dünya çempionatının yarımfinalında İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.