- Dünya çempionatı
- 16:33 18.07.2026
İngiltərə milli komandasının baş məşqçisi Tomas Tuxel dünya çempionatında Fransa ilə keçiriləcək üçüncü yer uğrunda oyun öncəsi komandasının hədəflərindən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, 52 yaşlı mütəxəssis bildirib ki, qarşılaşmadan qalib ayrılacaqları təqdirdə İngiltərə son 60 ildə dünya çempionatlarındakı ən uğurlu nəticəsini əldə edəcək.
"Bu oyunda qalib gəlsək, son 60 ildə dünya çempionatlarında əldə etdiyimiz ən yaxşı nəticəyə imza atacağıq", – deyə Tuxel vurğulayıb.
Baş məşqçi finala yüksələn İspaniya və Argentina ilə müqayisədə komandasının müəyyən çatışmazlıqlarının olduğunu etiraf edib.
"Bu komandalar illər ərzində böyük iş görüblər. Bizim də aradan qaldırmalı olduğumuz kiçik fərq var. Hesab edirəm ki, bu fərq həmin ölkələrdə dünya çempionu olmaq və finala yüksəlmək gözləntilərində də özünü göstərir. Biz bunu bacarmadıq. Amma bu məqsəd uğrunda çalışdıq, xəyal qurduq, mübarizə apardıq. Hazırda dünya reytinqində dördüncü pillədəyik və yarımfinala qədər irəliləmişik. İndi bu fərqi aradan qaldırmaq istəyirik. Mən rəqabəti sevirəm, hədəfi təqib edən və meydan oxuyan tərəf olmağı xoşlayıram. Bu yol isə sabahdan başlayır", – deyə o bildirib.
Tuxel Fransa millisinin baş məşqçisi Didye Deşam haqqında da yüksək fikirlər səsləndirib. O qeyd edib ki, fransalı mütəxəssis həm futbolçu, həm də baş məşqçi kimi mümkün olan bütün uğurları qazanıb.
"O, futbolçu kimi də, baş məşqçi kimi də hər şeyi qazanıb. Onunla görüşmək və söhbət etmək həmişə xoş olub. Deşam son dərəcə hörmətcil insandır. Əlbəttə, biz onu məğlub etməyə çalışacağıq. Düşünürəm ki, o da bizim kimi yarımfinaldakı məğlubiyyətdən məyusdur. Fransa həlledici məqama qədər çox uğurlu turnir keçirdi. Əminəm ki, o, həmişə olduğu kimi, bu oyunu da qazanmaq istəyəcək. Biz isə buna imkan verməmək üçün əlimizdən gələni edəcəyik", – deyə Tuxel əlavə edib.