- Dünya çempionatı
- 16:33 18.07.2026
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatının Argentina ilə keçiriləcək final oyunu öncəsi təşkil olunan mətbuat konfransında maraqlı açıqlamalar verib.
90deqiqe.Az-ın məlumatına görə, 65 yaşlı mütəxəssis bildirib ki, finalda futbol üslubu və oyun keyfiyyəti baxımından bir-birinə çox bənzəyən iki güclü komanda üz-üzə gələcək.
"Sabah möhtəşəm futbol tamaşası olacağını düşünürəm. Qarşılaşacaq iki komanda həm oyun tərzi, həm də futbolçuların keyfiyyəti baxımından bir-birinə çox bənzəyir. Əlbəttə, hər iki tərəf oyunu özünə sərf edən istiqamətə yönəltməyə çalışacaq", – deyə De la Fuente bildirib.
Təcrübəli çalışdırıcı dünya çempionatının finalında oynamağın hər bir komanda üçün böyük nailiyyət olduğunu vurğulayıb.
"Mənim üçün əsas məsələ finala yüksəlməkdir. İndidən desələr ki, hər dünya çempionatında final oynayacaqsan, amma uduzacaqsan, buna da razı olaram. Çünki finala yüksəlmək özü böyük uğurdur. Bu anın dəyərini bilməli və ondan zövq almalıyıq. Qarşımızda son illərdə möhtəşəm çıxış edən çox güclü rəqib var. Biz isə öz gücümüzə inanaraq meydana qələbə üçün çıxacağıq", – deyə o qeyd edib.
Baş məşqçi gərgin olub-olmaması ilə bağlı suala da zarafatla cavab verib.
"Məni narahat edən yeganə məsələ helikopterlə geri qayıdacaq olmağımızdır. Yenidən uçmalı olacağıq və bu, məni həqiqətən həyəcanlandırır. Bundan başqa heç bir narahatlığım yoxdur. Özümü çox sakit hiss edirəm. Belə bir finalda olmaq böyük şansdır və biz bu anın həzzini çıxarmaq istəyirik", – deyə De la Fuente bildirib.
O, gənc futbolçu Lamin Yamalın vəziyyətinin yaxşı olduğunu da açıqlayıb.
"Bu gün bütün futbolçular məşqdə iştirak etdilər. Sabah son hazırlığımız olacaq. Bu, ən vacib mərhələlərdən biridir. Çünki hansısa problem yaşansa, onu aradan qaldırmaq üçün artıq vaxt qalmayacaq. Xoşbəxtlikdən bütün futbolçuların vəziyyəti yaxşıdır", – deyə ispaniyalı mütəxəssis bildirib.
Luis de la Fuente Lionel Messi ilə bağlı suala isə maraqlı xatirə ilə cavab verib.
"Bir vaxtlar 'Sevilya'nı çalışdıranda İspaniya Kubokunda 'Barselona'ya qarşı oynayırdıq. Həmin vaxt hamı Messi adlı gənc futbolçudan danışırdı. Oyunun əvvəlindən ona fərdi nəzarət tətbiq etdik. Qarşılaşmanın 70-ci dəqiqəsində hesab 0:0 idi. Messiyə nəzarət edən futbolçu sarı vərəqə aldığı üçün onu əvəzlədim. Bundan sonra Messi cəmi 15 dəqiqə ərzində qapımıza dörd qol vurdu. Sabah ona qarşı fərdi nəzarət tətbiq edəcəyikmi? Xeyr. Amma ona qarşı son dərəcə diqqətli olacağıqmı? Bəli", – deyə İspaniya millisinin baş məşqçisi vurğulayıb.