- Dünya çempionatı
- 16:33 18.07.2026
İspaniya millisinin yarımmüdafiəçisi Rodri dünya çempionatının Argentina ilə keçiriləcək final oyunu öncəsi komandasının hədəfləri və rəqib barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, 30 yaşlı futbolçu bildirib ki, İspaniya turnir ərzində güclü rəqibləri məğlub edə biləcəyini sübut edib və indi onları ən çətin sınaq gözləyir.
"İndiyə qədər çox güclü rəqibləri məğlub edə biləcəyimizi göstərmişik. İndi isə qarşımızda bəlkə də son illərin ən güclü və ən sabit komandası dayanır. Bu final dünya kubokunu qazanacaq gücdə olub-olmadığımızı göstərəcək. Çempion olmaq üçün məğlub olmaq qorxusu deyil, qələbə arzusu daha güclü olmalıdır. Biz meydana bütün gücümüzlə qalib gəlmək üçün çıxacağıq", – deyə Rodri bildirib.
Təcrübəli yarımmüdafiəçi Argentina azarkeşlərinin tribunadakı üstünlüyünün komandaya təsir edib-etməyəcəyi barədə suala da münasibət bildirib.
"Azarkeş dəstəyi vacibdir. Amma oyunu meydanda futbolçular həll edir. Turnir boyu tribunada çoxlu İspaniya forması gördük və azarkeşlərimizin dəstəyini hər zaman hiss etdik. Finalda hansı tərəfin daha çox azarkeşi olacağını bilmirəm. Ancaq biz öz azarkeşlərimizə arxalanırıq və onlar üçün əlimizdən gələni edəcəyik", – deyə o vurğulayıb.
Rodri qeyd edib ki, İspaniya millisinin güclü tərəfləri zəif cəhətlərindən qat-qat çoxdur.
"Turnir ərzində məğlub edilməsi çox çətin komanda olduğumuzu göstərdik. Cəmi bir qol buraxmışıq. Həm öz meydançamızda, həm rəqibin cərimə meydançasında, həm də mərkəz zonasında oyunu yaxşı idarə edirik. Hesab edirəm ki, zəif tərəflərimiz çox azdır. Amma onları özümə saxlayacağam", – deyə futbolçu bildirib.
Rodri Lionel Messi barədə də yüksək fikirlər səsləndirib.
"Mənim üçün Messi futbol tarixinin ən yaxşı oyunçusudur. O, Argentina millisinə liderlik edərək komandasını əvvəlki dünya çempionatında çempionluğa, bu dəfə isə yenidən finala çıxarıb. Amma hesab edirəm ki, Argentina yalnız Messidən ibarət deyil. Bu komanda çox yüksək səviyyəli futbolçulardan ibarətdir və bunu dəfələrlə sübut edib", – deyə o bildirib.
İspaniyalı futbolçu Argentina millisinin geri dönüş bacarığını da xüsusi qeyd edib.
"Onlar son dərəcə döyüşkən komandadır və çətin vəziyyətlərdən çıxmağı bacarırlar. Biz isə onların zəif hesab etdiyimiz məqamlarından istifadə etməyə çalışacağıq", – deyə Rodri əlavə edib.