- Dünya çempionatı
- 23:07 18.07.2026
Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının İspaniyaya qarşı keçiriləcək final oyunu öncəsi mətbuat konfransında uğurunun sirri və qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, 39 yaşlı futbolçu bildirib ki, futbol sevgisi onda uşaqlıq illərindən formalaşıb və heç vaxt təzyiq barədə düşünməyib.
"İstər məktəbdə, istər küçədə, istərsə də futbol meydanında həmişə böyük həvəslə oynamışıq. Hamımız məhəllə komandalarından başlamışıq və sonra öz hekayəmizi yazmışıq. Təzyiq barədə düşünmürük. Onu futbolun ayrılmaz hissəsi kimi qəbul edirik və yalnız oyundan zövq almağa çalışırıq. Biz qalib gəlmək istəyən rəqabətcil komandayıq. Amma rəqiblərimizin də eyni məqsədi var və hər zaman istədiyinə nail olmaq mümkün olmur", – deyə Messi bildirib.
Argentina millisinin kapitanı etiraf edib ki, uğur qazanmağı məğlubiyyətlər hesabına öyrənib.
"Uşaqlıqda qələbədən daha çox məğlub olmağı öyrəndim. Məhz bu, həm insan, həm də futbolçu kimi yetişməyimə kömək etdi", – deyə o vurğulayıb.
Messi finalda komandasının əlindən gələni edəcəyini də bildirib.