- Dünya çempionatı
- 23:07 18.07.2026
Finala aparan iki fərqli yol: İspaniyanın nizamı, Argentinanın xarakteri
Dünya çempionatının finalına sayılı saatlar qalmış futbolsevərlərin diqqəti tamamilə həlledici qarşılaşmaya yönəlib. Çempionluq uğrunda mübarizə aparacaq İspaniya və Argentina eyni zirvəyə yüksəlsələr də, bu uğura tamamilə fərqli futbol fəlsəfələri və fərqli sınaqlardan keçərək çatmağı bacarıblar. Biz də final fitindən öncə hər iki komandanın həlledici görüşə qədər keçdiyi yola nəzər saldıq.
İspaniya bütün turnir boyu öz oyun fəlsəfəsindən bir addım belə kənara çıxmadı. Topa sahiblik əsasında qurulan futbol, oyunun bütün zonalarına nəzarət və intizamlı müdafiə xətti bu komandanın əsas üstünlüyünə çevrildi. Avstriya üzərində 3:0 hesablı qələbə ilə başlayan pley-off yürüşü Portuqaliya (1:0), Belçika (2:1) və Fransa (2:0) qarşısında qazanılan qələbələrlə davam etdi. Rəqib hər dəfə dəyişsə də, İspaniyanın oyun üslubu dəyişmədi. Komanda sanki hər qarşılaşmanı əvvəlcədən hazırlanmış plan üzrə idarə etdi. Xüsusilə Portuqaliya, Belçika və Fransa kimi fərqli oyun üslubuna malik rəqibləri eyni prinsipdən imtina etmədən məğlub etməsi İspaniyanın sistem futbolunun nə qədər oturuşduğunu göstərdi.
Argentinanın finala gedən yolu isə daha gərgin və emosional alındı. Kabo-Verde və Misirlə qarşılaşmalarda hesabda üstün olsalar da, rəqiblərin ciddi müqaviməti ilə üzləşdilər və hər iki oyun 3:2 hesabı ilə başa çatdı. İsveçrə üzərində qazanılan 3:1 hesablı qələbə komandanın özünəinamını daha da artırdı. İngiltərə ilə yarımfinal isə Argentinanın çətin anlarda belə oyunun taleyini dəyişməyi bacaran kollektiv olduğunu bir daha sübut etdi. Argentina bəzi görüşlərdə çətinlik yaşasa da, həlledici məqamlarda lider futbolçularının fərdi keyfiyyətləri və komandanın qalib mentaliteti sayəsində finala yüksəlməyi bacardı.
Final öncəsi diqqəti çəkən əsas məqam isə statistik göstəricilərdən daha çox iki fərqli futbol fəlsəfəsinin qarşı-qarşıya gəlməsidir. Bir tərəfdə səhvi minimuma endirməyə çalışan, oyunun ritmini öz əlində saxlayan İspaniya dayanır. Digər tərəfdə isə emosiyanı, sürəti və fərdi məharəti ön plana çıxaran Argentina.
İspaniya rəqiblərini daha çox oyuna nəzarət etməklə məğlub edirdisə, Argentina oyunun gedişatını bir anın içində dəyişə bilən komanda təsiri bağışlayırdı.
İspaniya finala daha az qol buraxaraq gəlib. Argentina isə daha çox hücum edib, daha çox risk götürüb və bunun müqabilində rəqib qapılarına daha tez-tez yol tapıb. Bu fərq finalın taktiki baxımdan nə qədər maraqlı keçəcəyini indidən göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, final təkcə dünya çempionunu müəyyənləşdirəcək qarşılaşma olmayacaq. Bu, həm də müasir futbolun iki fərqli yanaşmasının – sistem və intizamın, yoxsa improvizasiya, risk və qalib ruhunun qarşıdurması olacaq. Hansı fəlsəfənin üstün gələcəyini isə dünya futbolunun səbirsizliklə gözlədiyi final görüşü müəyyən edəcək.
Fəxriyyə Adil