- Dünya çempionatı
- 02:10 20.07.2026
Argentina millisinin və "Aston Villa" klubunun qapıçısı Emiliano Martines 2026-cı il dünya çempionatında ciddi ağrılarla mübarizə apardığını etiraf edib.
90deqiqe.Az-ın məlumatına görə, 33 yaşlı qolkiper turnir başlamazdan əvvəl barmağını sındırsa da, əməliyyatdan imtina edərək mundialda iştirak etmək qərarı verib.
"Barmağım hələ də ağrıyır. Bilirdim ki, ağrılar davam edəcək, amma əməliyyatdan yayınmağa çalışdım. İngiltərə, ABŞ və digər ölkələrdə əl cərrahları ilə məsləhətləşdim. Təsəvvür edin ki, finalda qalib gəlirsən, sonra isə sənə deyirlər ki, əməliyyat olunmalısan və buna görə dünya çempionatının qrup mərhələsini buraxacaqsan. Əvvəlcə Argentina millisində məşq belə edə bilmirdim. Beynimdə müxtəlif fikirlər dolaşırdı. Hazırlığım komanda yoldaşlarımdan fərqli keçdi. İlk oyuna iki gün qalmış özümü heç yaxşı hiss etmirdim", - deyə Martines bildirib.
Qeyd edək ki, argentinalı qapıçı zədəni mayın 20-də Avropa Liqasının finalından əvvəl isinmə hərəkətləri zamanı alıb.