- Dünya çempionatı
- 00:32 30.07.2026
İtaliya millisinin yeni baş məşqçisi Roberto Mançini 2023-cü ildə yığmadan ayrılmasının səhv qərar olduğunu etiraf edib və azarkeşlərin etimadını yenidən qazanmağa çalışacağını bildirib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə o, milli komandanın yeni texniki direktoru Klaudio Ranyeri ilə birlikdə keçirilən təqdimat mətbuat konfransında danışıb.
"Sizləri eyni sualı vermək məcburiyyətindən xilas etmək istəyirdim, çünki hamınızın nəyi soruşmaq istədiyini yaxşı başa düşürəm", - deyə Mançini bildirib.
İtaliyalı mütəxəssis həmin dövrdə İtaliya Futbol Federasiyasının prezidenti Qabriyele Qravina ilə aralarında ünsiyyət çatışmazlığının olduğunu vurğulayıb.
"Üç il əvvəl baş verənlər prezident Qabriyele Qravina ilə mənim aramda ünsiyyətin olmaması ilə bağlı idi. Əgər üz-üzə söhbət etsəydik, hər şey fərqli ola bilərdi".
Mançini son üç ildə yaşananlara görə təəssüfləndiyini də gizlətməyib.
"Son üç ildə baş verənlərə görə təəssüflənirəm. Amma tale və Covanni Malaqo mənə hər şeyi yenidən sınamaq imkanı verdi. Millini layiq olduğu yerə qaytarmaq üçün əlimdən gələni edəcəyəm".
Təcrübəli çalışdırıcı qayıdışından narazı qalan azarkeşləri başa düşdüyünü, lakin onları yenidən komandanın ətrafında birləşdirməyə çalışacağını bildirib.
"Mən İtaliya millisinin baş məşqçisiyəm və yaxşı anlayıram ki, bəzi insanlar mənə qarşı olacaq. Çalışacağam ki, komanda elə futbol oynasın ki, azarkeşlər yenidən ona aşiq olsunlar və bəlkə də baş verənlərə görə məni bağışlasınlar".
Qeyd edək ki, tədbirin əsas mövzusu Mançininin 2023-cü ildə İtaliya millisindən ayrılaraq Səudiyyə Ərəbistanı yığmasına rəhbərlik etməsi olub.Roberto Mançininin rəhbərliyi altında İtaliya millisi AVRO-2020-nin qalibi olub. Bununla yanaşı, komanda onun dövründə 2022-ci il dünya çempionatına vəsiqə qazana bilməyib.
İtaliya millisindən ayrıldıqdan sonra Mançini Səudiyyə Ərəbistanı yığmasını, daha sonra isə Qətərin "Əl-Sədd" klubunu çalışdırıb.
İtaliya Futbol Federasiyası ilə imzalanan yeni müqavilə dörd il müddətinə nəzərdə tutulub.