- Dünya çempionatı
- 23:56 30.07.2026
Braziliya milli komandası 2026-cı il oktyabrın 3-də Hindistan yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə Hindistan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, qarşılaşma Kolkata şəhərində yerləşən, 85 min tamaşaçı tutumuna malik stadionda baş tutacaq.
Mənbənin məlumatına görə, bu, 1992-ci ildə FIFA-nın dünya reytinqi tətbiq edildikdən sonra Hindistan millisinin qarşılaşacağı ən güclü rəqib olacaq. Hazırda beşqat dünya çempionu Braziliya FIFA reytinqində beşinci, Hindistan isə 138-ci pillədə qərarlaşıb.
Hindistan Futbol Federasiyası yaydığı açıqlamada bu oyunun komanda üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
"Bu, futbolçularımız üçün sadəcə növbəti oyun deyil. Tarixin ən güclü milli komandalarından birinə qarşı özünü sınamaq üçün nadir fürsətdir. Belə qarşılaşmalar oyunçuların inkişafına töhfə verir, onları daha böyük hədəflər müəyyənləşdirməyə ruhlandırır və karyeraları boyunca yadda qalır", - deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, Hindistan Braziliyadan kənarda Braziliya futbolunun ən böyük azarkeş kütləsinə malik ölkələrdən biri hesab olunur.