- Dünya çempionatı
- 00:21 31.07.2026
Şimali və Mərkəzi Amerika, eləcə də Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) FIFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ilə bağlı təşəbbüsünü rədd edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə KONKAKAF-ın rəsmi saytında bəyanat dərc olunub.
Qurum bildirib ki, son 10 ildə fəaliyyətini şəffaf idarəetmə, məsuliyyət və futbolun maraqlarına xidmət prinsipləri üzərində qurub. Bəyanatda vurğulanıb ki, futbolun idarə edilməsində bu dəyərlərdən uzaqlaşmaq ciddi problemlərə səbəb ola bilər.
Məlumata görə, KONKAKAF FIFA prezidenti tərəfindən irəli sürülən FIFA Forward Enterprise layihəsini müzakirə etmək üçün təşkilata üzv olan 41 milli assosiasiyanın prezidentlərinin, həmçinin FIFA Şurasının üzvlərinin iştirakı ilə xüsusi iclas keçirib.
İclas zamanı iştirakçılar təklifin hazırlanması prosesində lazımi prosedurlara əməl olunmamasından, qərarın sürətlə qəbul etdirilməsinə cəhd göstərilməsindən və layihənin FIFA-nın müvafiq idarəetmə orqanlarında müzakirə olunmamasından narahatlıqlarını ifadə ediblər.
Bundan əlavə, iştirakçılar tarixdə ən yüksək gəlir gətirən dünya çempionatından sonra FIFA-nın yeni və mövcud FIFA Forward proqramlarını maliyyələşdirmək üçün özəl investisiyalara ehtiyac duyulmasını da sual altına alıblar.
Müzakirələrin yekununda KONKAKAF daha şəffaf idarəetməyə ehtiyac olduğunu vurğulayaraq aşağıdakı qərarları qəbul edib:
"KONKAKAF bu qərarla bir daha təsdiqləyir ki, futbolun gələcəyi və onun ən böyük dəyəri futbol ailəsinin əlində qalmalıdır", - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, daha əvvəl UEFA da FIFA dünya çempionatı hüquqlarının özəl investorlara satılması planından imtina etməyəcəyi təqdirdə, FIFA-nın himayəsi altında keçirilən turnirləri boykot edə biləcəyini açıqlamışdı.