- Dünya çempionatı
- 23:50 31.07.2026
FİFA 2030-cu il dünya çempionatında iştirak edəcək milli komandaların sayının 48-dən 64-ə çatdırılması ilə bağlı prosesi sürətləndirib.
90deqiqe.Az-ın “Sky News”a istinadən məlumatına görə, FİFA sözügedən sənədi müxtəlif qurumlara göndərərək mümkün genişlənmənin nəticələrinin araşdırılmasını istəyir.
Məlumata görə, bu addım UEFA-nın FİFA-nın turnirlərinin kommersiya hüquqlarının özəl investorlara satılacağı təqdirdə yarışları boykot edə biləcəyi ilə bağlı xəbərdarlıqları fonunda gündəmə gəlib.
Sənəddə qeyd olunur ki, FİFA 2030-cu ildən etibarən dünya çempionatının 64 komandanın iştirakı ilə keçirilməsinin turnirin cəlbediciliyinə və qlobal futbol ekosisteminə necə təsir göstərəcəyini qiymətləndirmək üçün müstəqil agentlik cəlb etməyi planlaşdırır.
Araşdırma çərçivəsində turnirin gəlirlərinin proqnozlaşdırılması ilə yanaşı, mümkün dəyişikliklərin yayımçılar, sponsorlar, media şirkətləri, milli federasiyalar, konfederasiyalar, liqalar, klublar və idman sənayesinin digər iştirakçılarına təsiri də təhlil ediləcək.
Bundan əlavə, bazar tələbatı, kommersiya potensialı və turnirin həddindən artıq yüklənməsi riskləri qiymətləndiriləcək. Sənəddə istehlakçı və azarkeş sorğularından istifadə oluna biləcəyi qeyd edilsə də, araşdırmanın əsas diqqətinin B2B (biznesdən-biznesə) seqmentinə yönələcəyi vurğulanır.