- Dünya çempionatı
- 23:50 31.07.2026
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino təşkilat rəhbərliyindəki əksər rəsmilərin dəstəyini itirib və vəzifəsindən uzaqlaşdırılmağa yaxınlaşır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Romen Molina sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin iddiasına görə, FİFA rəsmiləri İnfantinonun ABŞ Prezidenti Donald Trampa verdiyi açıq siyasi dəstəkdən, eləcə də təşkilatı idarəetmə tərzindən narazıdırlar. Bildirilir ki, FİFA prezidenti əsas qərarları heç kimə hesabat vermədən təkbaşına qəbul edir.
Xatırladaq ki, bundan əvvəl FİFA dəyəri 20 milyard ABŞ dolları olan törəmə şirkətin yaradılmasını nəzərdə tutan layihənin konsepsiyasını açıqlamışdı. Plana əsasən, şirkətin 25 faizlik payının 4,2 milyard dollar qarşılığında özəl investorlara satılması nəzərdə tutulur.
Layihə çərçivəsində milli futbol federasiyalarına ayrılan vəsaitin də artırılması planlaşdırılır. Belə ki, qarşıdakı dördillik dövrdə ödənişlərin 8 milyon dollardan 20 milyon dollara, sonrakı iki dövrdə isə müvafiq olaraq 22 milyon və 24 milyon dollara yüksəldilməsi təklif olunur.
Qeyd edilir ki, layihənin həyata keçirilməsi üçün FİFA-ya üzv federasiyaların əksəriyyətinin razılığı, eləcə də təşkilatın Şurasının təsdiqi tələb olunur.