- Dünya çempionatı
- 16:05 01.08.2026
UEFA FIFA prezidenti Canni İnfantinonun beynəlxalq turnirlərin kommersiya hüquqlarının özəl şirkətlərə verilməsi ilə bağlı təşəbbüsdən imtina etməsinə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, qurumun yaydığı bəyanatda FIFA-nın bu plandan geri çəkilməsi alqışlanıb və "futbol satılmır" mesajını FIFA rəhbərliyinə çatdıran hər kəsə təşəkkür edilib.
UEFA qeyd edib ki, yaxın vaxtlarda üzv assosiasiyalarla birlikdə belə təşəbbüslərin gələcəkdə bir daha gündəmə gəlməməsi üçün müvafiq mexanizmlərin hazırlanması istiqamətində iş aparılacaq.
Bəyanatda həmçinin vurğulanıb ki, futbolda gizli razılaşmalara yer olmamalıdır. UEFA bu kontekstdə Canni İnfantinonu da sərt tənqid edərək, onun FIFA prezidenti seçilərkən şəffaflıq vəd etdiyini, lakin bu vədlərə əməl etmədiyini bildirib.
"FIFA-nın hazırkı rəhbərliyi təkcə UEFA-nın deyil, futbol ictimaiyyətinin bir çox nümayəndəsinin də etimadını itirib. Canni İnfantino verdiyi vədləri yerinə yetirmədi. Onun hazırladığı və həyata keçirməyə çalışdığı qeyri-şəffaf, pərdəarxası və şübhəli razılaşma şəffaflıq prinsipləri ilə qətiyyən uzlaşmır", – deyə UEFA-nın bəyanatında qeyd olunub.
Qurum sonda əlavə edib ki, FIFA-ya olan etimadın bərpası istiqamətində görüləcək işlər hələ yeni başlayır.