8 avqust 2026. Şənbə

Meksika və Argentina futbol federasiyalarından İnfantinoya dəstək


Meksika və Argentina futbol federasiyalarından İnfantinoya dəstək

Meksika və Argentina futbol federasiyaları FIFA prezidenti Canni İnfantinoya dəstək açıqlaması veriblər.

90deqiqe.Az-ın məlumatına görə,  FIFA rəhbəri dünya çempionatının bəzi kommersiya hüquqlarının özəl investorlara açılmasını nəzərdə tutan planla bağlı ciddi tənqidlərə məruz qalıb.

Dünya çempionatının ev sahiblərindən biri olan Meksika Futbol Federasiyası (FMF) öz regional konfederasiyası KONKAKAF-ın mövqeyindən fərqli olaraq İnfantinoya dəstək verib. Qeyd edək ki, KONKAKAF daha əvvəl FIFA prezidentinin fəaliyyətinin hərtərəfli qiymətləndirilməsinə çağırmışdı.

FMF yaydığı açıqlamada FIFA-nın təsdiq etdiyi institusional çərçivədən kənarda keçiriləcək heç bir prosesi tanımayacağını və dəstəkləməyəcəyini bildirib.

"FMF bu institusional çərçivədən kənarda toplanan heç bir prosesi tanımayacaq və təsdiqləməyəcək. Federasiya FIFA prezidenti İnfantinonun 211 üzv federasiyanın maraqları naminə futbolun inkişafını birlikdə davam etdirmək çağırışını dəstəkləyir", - deyə açıqlamada qeyd olunub.

Meksika Futbol Federasiyası həmçinin İnfantinonun rəhbərliyinə dəstəyini açıqlayıb.

Argentina Futbol Federasiyası (AFA) da FIFA prezidentinə ünvanladığı məktubda qurumun son 10 ildə gördüyü işlərə dəstək verdiyini bildirib. Argentina tərəfi FIFA-nın fəaliyyətinin dünya futbolunun inkişafı, açıq, sabit və şəffaf idarəetmə modelinin formalaşdırılması istiqamətində olduğunu vurğulayıb.

Bununla yanaşı, AFA mübahisəli təklifin müəyyən qeyri-müəyyənlik yaratdığını və proses zamanı səhvlərə yol verildiyini qəbul edib. Lakin federasiya hesab edir ki, çıxış yolu gələn il keçiriləcək FIFA Konqresinə qədər qurum rəhbərliyi ilə əməkdaşlığı davam etdirməkdir.

Daha əvvəl Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) da 211 üzv federasiyanın iştirakı və səsverməsi olmadan İnfantinonun vəzifədən kənarlaşdırılması cəhdlərinə qarşı çıxmışdı.

Bunun əksinə olaraq, UEFA FIFA prezidentinin planına qarşı mövqeyini davam etdirir. Avropa futbolunun ali qurumu Dünya Kuboku və digər FIFA turnirlərini boykot etmək qərarını qüvvədə saxladığını açıqlayıb.

Asiya Futbol Konfederasiyası (AFC) isə UEFA və KONKAKAF-la həmrəylik nümayiş etdirdiyini bildirib. Afrika Futbol Konfederasiyası (CAF) isə İnfantinonun rəhbərliyinə yekdilliklə dəstək verib.

FIFA Mərakeşin Rabat şəhərində keçirilən iclasdan sonra proses zamanı yol verilən səhvlərə görə üzvlərindən üzr istəyib və mübahisəyə səbəb olan addımları yenidən nəzərdən keçirəcəyini açıqlayıb.

Xorvatiya Futbol Federasiyası da İngiltərə və Albaniyadan sonra İnfantinoya verdiyi dəstəyi geri götürən federasiyalar sırasına qoşulub.

Futbolçuların həmkarlar ittifaqı FIFPRO isə İnfantinonun təklifini sadəcə idarəetmə səhvi kimi deyil, "prezidentlik səlahiyyətlərindən ciddi sui-istifadə" kimi qiymətləndirib.

FIFA isə kommersiya hüquqları ilə bağlı prosesdə atılan bütün addımların qaydalara uyğun olduğunu bildirib və yaranan problemlərin idarəetmə qaydalarının pozulması ilə deyil, kommunikasiya çatışmazlığı ilə bağlı olduğunu qeyd edib.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"