- Dünya çempionatı
- 20:33 10.08.2026
UEFA, KONKAKAF və Asiya Futbol Konfederasiyası (AFC) FIFA prezidenti Canni İnfantinonun istefasını tələb edib.
90deqiqe.Az-ın “The Independenã”ə istinadən məlumatına görə, FIFA üzvlərinin yarıdan çoxunu təmsil edən üç konfederasiya İnfantinonun vəzifədən ayrılmasını istəyib. Onlar həmçinin Dünya Çempionatında özəl investorlara pay satılması təşəbbüsü ilə bağlı müstəqil araşdırmanın aparılmasını tələb ediblər.
Birgə açıqlamada futbol idarəçiliyinin hər hansı şəxsin şəxsi mülkiyyəti olmadığı vurğulanıb. Sənəddə rəhbərlərin əsas vəzifəsinin onlara səlahiyyət verən futbol ictimaiyyətinə xidmət etmək olduğu qeyd edilib.
Tərəflər etimadın aldadıcı addımlarla sarsıdıldığı və rəhbərin özünü onu bu səlahiyyətlə təmin edən ictimaiyyətdən üstün tutduğu halda idarəçilik məsuliyyətinin unudulduğunu bildiriblər.
Məktubu UEFA prezidenti Aleksander Çeferin, KONKAKAF prezidenti Viktor Montalyani və AFC prezidenti Salman bin İbrahim Al Xəlifə imzalayıb.
Bununla yanaşı, UEFA, KONKAKAF və AFC-nin FIFA turnirlərini boykot etməsi ehtimalı fonunda birgə yarışların təşkili imkanını da müzakirə etdiyi bildirilir.
İnfantinonu dəstəkləyən ölkələr də var. Argentina və Meksika, eləcə də Afrika Futbol Konfederasiyası (CAF) FIFA prezidentinə dəstəyini davam etdirir. CAF İnfantinonu dəstəkləmək barədə yekdilliklə qərar qəbul edib.