- Dünya çempionatı
- 22:46 11.08.2026
Uruqvay millisinin baş məşqçisi vəzifəsini müvəqqəti icra edən Dieqo Forlan “İnter Mayami”nin hücumçusu Luis Suaresin milli komandaya qayıda biləcəyini istisna etməyib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "ESPN Brasil" məlumat yayıb.
Forlan vaxtilə Uruqvay millisində birgə çıxış etdiyi Suaresi yüksək qiymətləndirib və 39 yaşlı hücumçunun milli komandaya dəvət alacağı təqdirdə bunu qəbul etməyə hazır olduğunu bildirməsinə münasibət bildirib.
“Əgər o, bunu deyibsə, deməli, hər zaman bizim üçün arzuolunandır. Luisə çox isti münasibət bəsləyirəm və ona böyük etimad göstərirəm. Onun böyük təcrübəsi var, qol duyumu yüksəkdir və bunu hər həftəsonu sübut etməyə davam edir. Niyə də olmasın?” - deyə Forlan bildirib.
“Bunun necə olacağını zaman göstərəcək. Lakin Luis Suaresin xidmətləri heç kimdə şübhə doğurmur”, - mütəxəssis əlavə edib.
Qeyd edək ki, Forlan və Suares 2010-cu ildə keçirilən dünya çempionatında Uruqvay millisinin heyətində birlikdə çıxış ediblər. Komanda həmin turnirdə yarımfinala qədər yüksəlib. Futbolçular 2011-ci ildə isə Uruqvayla Amerika Kubokunun qalibi olublar.
Suares 2024-cü ilin sentyabrında, həmin vaxt milli komandaya rəhbərlik edən Marselo Bielsa ilə yaşadığı fikir ayrılığından sonra Uruqvay millisində çıxışını başa vurub. O vaxtdan bəri 39 yaşlı hücumçu milli komandaya dəvət almayıb.