17 avqust 2026. Bazar ertəsi

Şotlandiya millisinin yeni baş məşqçisi müəyyənləşib


Şotlandiya millisinin yeni baş məşqçisi müəyyənləşib

Şotlandiya Futbol Assosiasiyası kişilərdən ibarət milli komandanın baş məşqçisi vəzifəsinə Sebastyan Pokonyolini təyin edib.

90deqiqe.Az-ın məlumatına görə, 39 yaşlı belçikalı mütəxəssislə ikiillik müqavilə imzalanıb. O, komandanı UEFA Millətlər Liqasının qarşıdakı mövsümündə çalışdıracaq.

Pokonyoli baş məşqçi kimi ilk mövsümündə “Union Sent-Jilua”nı Belçika çempionluğuna daşıyıb. Bu, klubun 90 ildən sonra qazandığı ilk ölkə çempionluğu olub. Daha sonra komanda tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və Belçika Superkubokunu qazanıb.

Belçikada ilin ən yaxşı məşqçisi seçilən Pokonyoli 2025-ci ildə “Monako”ya rəhbərlik edib və bu yayadək Fransa klubunda çalışıb.

Yeni təyinatı ilə bağlı danışan mütəxəssis Şotlandiya millisinin baş məşqçisi olmağın onun üçün böyük şərəf olduğunu bildirib:

“Şotlandiya millisinin baş məşqçisi olmaq mənim üçün böyük şərəfdir. Mənə olan maraq barədə ilk dəfə eşidəndə bu fürsətə dərhal böyük maraq göstərdim. Şotlandiya azarkeşləri öz ehtirasları ilə tanınırlar.

Məşqçilər heyətimlə birlikdə azarkeşlərə qürur duyacaqları bir komanda təqdim etmək və sələfimin əldə etdiyi uğurları davam etdirmək üçün əlimizdən gələni edəcəyik.

İlk təlim-məşq toplanışına çox vaxt qalmayıb. Qarşıdakı həftələri Millətlər Liqasına hazırlığa həsr edəcəyik və gələn ay bir araya gəldikdə planlarımızı məşqlərdə həyata keçirməyə başlayacağıq”.

Qeyd edək ki, Şotlandiya Millətlər Liqasının B divizionunda İsveçrə, Sloveniya və Şimali Makedoniya ilə eyni qrupda mübarizə aparacaq. Komandanın ilk oyunu sentyabrın 26-da Sloveniyaya qarşı olacaq.







Dünya çempionatı