28 avqust 2026. Cümə

UEFA İnfantinoya qarşı namizəd hazırlayır


UEFA İnfantinoya qarşı namizəd hazırlayır

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FIFA prezidenti Canni İnfantinonun yenidən namizədliyini irəli sürəcəyi təqdirdə alternativ namizəd axtaracağını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, UEFA bununla bağlı rəsmi saytında bəyanat yayıb.

Bəyanatda FIFA rəhbərliyinə etimadın sarsıldığı vurğulanıb və dünya futbolunun yeni rəhbərliyə ehtiyac duyduğu bildirilib.

“FIFA prezidentinin səlahiyyətlərini həyata keçirməsi üçün zəruri olan etimad sarsılıb və bu etimadı sadəcə bir təklifin geri götürülməsi, verilən təminatlar və ya sonradan islahat vədləri ilə bərpa etmək mümkün deyil. Dünya futboluna bu etimadı yenidən bərpa edə biləcək yeni rəhbərlik lazımdır.

Bu səbəbdən UEFA konfederasiyalar, üzv assosiasiyalar və daha geniş futbol ictimaiyyəti, o cümlədən azarkeşlər, futbolçular, klublar, liqalar və digər tərəflərlə birlikdə FIFA-nın gələcəyini formalaşdırmaq istiqamətində fəaliyyətini davam etdirəcək.

Əgər FIFA-nın hazırkı prezidenti yeni mandat uğrunda mübarizə aparmaq qərarına gəlsə, UEFA tərəfdaş konfederasiyalarla səylərini birləşdirərək üzv assosiasiyalara layiqli alternativ namizəd təqdim edəcək. Bu namizəd dürüstlük, hesabatlılıq, inkişaf və real institusional dəyişikliklərə sadiq olacaq”, - deyə bəyanatda qeyd olunub.

UEFA həmçinin FIFA-nın maliyyə ehtiyatlarına diqqət çəkib. Qurumun məlumatına görə, FIFA-nın hazırda milyardlarla dollar həcmində ehtiyatı var və bu vəsait üzv assosiasiyalara məxsusdur.

“Digər konfederasiyalarla birlikdə UEFA FIFA ehtiyatlarının bir hissəsinin üzv assosiasiyaların xeyrinə məsuliyyətli şəkildə ayrılması imkanını araşdıracaq. Eyni zamanda FIFA-nın maliyyə sabitliyinin qorunması təmin edilməlidir.

Bu baxımdan sual yaranır: FIFA prezidentinə inkişafın maliyyələşdirilməsini genişləndirmək üçün nə üçün xarici investorlara ehtiyac yarandı?” - deyə UEFA-nın bəyanatında bildirilib.

Qeyd edək ki, FIFA prezident seçkilərinin 2027-ci ilin martında keçirilməsi planlaşdırılır. Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır
“O, tarixdə ən yaxşı futbolçudur”
  • Dünya çempionatı
  • 23:59 19.08.2026
“O, tarixdə ən yaxşı futbolçudur”