- Dünya çempionatı
- 23:53 01.09.2026
“Real Madrid”in 33 yaşlı müdafiəçisi Antonio Rüdiger Almaniya milli komandasındakı karyerasını başa vurub.
90deqiqe.Az-ın məlumatına görə, almaniyalı futbolçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
Rüdiger qərarını gənc nəslə yol verməyin vaxtının çatması ilə izah edib.
“Müəyyən düşüncələrdən sonra mənim üçün milli komandadakı karyeramı başa vurmağın və gənc nəslə yol verməyin vaxtı gəldiyini hiss etdim. 2014-cü ildə ilk dəfə milli komandanın formasını geyinəndə, sonda 86 oyunda iştirak edəcəyimi təsəvvür belə edə bilməzdim.
Son turnirlərdə böyük titul qazana bilməsək və bir sıra ağrılı məğlubiyyətlər yaşasaq da, bu dövr mənim üçün ömür boyu yaddaşımda qalacaq xüsusi bir fəsil oldu.
Komanda yoldaşlarıma təşəkkür edirəm. Birlikdə keçirdiyimiz hər mübarizəyə, soyunub-geyinmə otağında və bazada nümayiş etdirdiyimiz həmrəyliyə, ən əsası isə futboldan kənarda da davam edəcək dostluğumuza görə minnətdaram.
Bütün məşqçilərə və heyət üzvlərinə uzun illər ərzində göstərdikləri etimada və gördükləri işə görə təşəkkür edirəm. Xüsusilə Yoahim Löv, Hans-Diter Flik və Julian Naqelsmannın adını qeyd etmək istəyirəm. Onlar milli komandadakı karyeram boyunca məni müşayiət edib formalaşdırdılar. Gənclər millisindəki məşqçim Horst Hrubeşə də təşəkkür edirəm.
Əlbəttə, azarkeşlərə də minnətdaram. Xüsusilə “Avro-2024”də evdə yaratdığınız unudulmaz atmosfer və dəstəyiniz üçün təşəkkür edirəm.
İndi mənim üçün yeni bir fəsil başlayır və bütün diqqətimi klubuma yönəldəcəyəm”, – deyə Rüdiger bildirib.
Qeyd edək ki, Antonio Rüdiger Almaniya millisinin heyətində bütün turnirlərdə 86 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.