- Dünya çempionatı
- 22:44 03.09.2026
Madrid “Atletiko”sunun 31 yaşlı yarımmüdafiəçisi Markos Lyorente İspaniya millisində çıxışını başa vurduğunu açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, futbolçu qərarını sosial şəbəkə hesabında paylaşdığı açıqlama ilə elan edib.
“Uzun müddət düşündükdən sonra milli komandada çıxışımı başa vurmaq qərarına gəldim. Hələ gənc olduğumu və düzgün yanaşma ilə bu formada daha bir neçə il oynaya biləcəyimi başa düşürəm. Lakin bu, şəxsi, hərtərəfli düşünülmüş və hər şeydən əvvəl çox emosional qərardır”, – deyə Lyorente bildirib.
O, bu qərarı dünya çempionatının nəticəsindən asılı olmayaraq əvvəlcədən verdiyini vurğulayıb:
“Dünya çempionatına gedib-getməyəcəyimdən, onu qazanıb-qazanmayacağımızdan asılı olmayaraq, bu qərarı əvvəlcədən vermişdim. Bu illər ərzində tanıdığım və mənə, eləcə də ailəmə unikal və unudulmaz anlar yaşamağa kömək edən hər kəsə sonsuz minnətdaram”.
Lyorente son dönəmdə milli komandada keçirdiyi günlərin onun üçün xüsusi olduğunu qeyd edib:
“Yaşadıqlarımın hamısını yaddaşımda saxlayacağam. Xüsusilə də son 52 günü. Biz möhtəşəm komanda idik və sona qədər İspaniyanın ən yüksək mövqedə qərarlaşması üçün mübarizə apardıq. Ölkəmi təmsil etmək və bu tarixin bir parçası olmaq mənim üçün böyük şərəf idi. Hər şey üçün təşəkkür edirəm”.
Qeyd edək ki, Markos Lyorente İspaniya millisinin heyətində 27 oyuna çıxıb. O, milli komanda ilə Avropa çempionu olub və iki dəfə dünya çempionatında iştirak edib.