- Dünya çempionatı
- 23:50 08.09.2026
Niderlandın “Ayaks” klubunun və Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat milli komandada baş məşqçi Məhəmməd Uahbi rəhbərliyində çıxış etməyəcəyini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, 30 yaşlı futbolçu sosial şəbəkə hesablarında yaydığı açıqlamada bildirib ki, Uahbi komandanın baş məşqçisi olaraq qaldığı müddətdə Mərakeş millisinin formasını geyinməyəcək.
Amrabat bununla beynəlxalq karyerasını başa vurmadığını xüsusi vurğulayıb. O, gələcəkdə milli komandaya qayıtmaq üçün qapını açıq saxladığını qeyd edib.
Qeyd edək ki, Sofyan Amrabat Vəlid Reqraqinin rəhbərliyi altında Mərakeş millisinin əsas futbolçularından biri olub. Yarımmüdafiəçi xüsusilə 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında komandanın uğurlu çıxışında mühüm rol oynayıb.
Məhəmməd Uahbi 2026-cı ilin martından Mərakeş millisinin baş məşqçisidir. Amrabat onun rəhbərliyi altında, o cümlədən son dünya çempionatında məhdud oyun vaxtı əldə edib.