- Dünya çempionatı
- 23:30 07.10.2026
Almaniya millisinin sabiq hücumçusu Tomas Müller 2014-cü il dünya çempionatının yarımfinalında Braziliyaya 7:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanı xatırlayıb.
90deqiqe.Az-ın məlumatına görə, Müller “Late Run” podkastına müsahibəsində Almaniya millisinin əsas futbolçularının turnirə klublarında uğurlu mövsümdən sonra gəldiklərini bildirib.
“Samir Xedira, Toni Kroos, Manuel Noyer – hamımız karyeramızın çox yaxşı dövrünü yaşayırdıq. Buna görə də şansımızın olduğunu hiss edirdik”
Sabiq hücumçu Braziliyanın evdə oynadığı üçün üzərində böyük təzyiq olduğunu qeyd edib:
“Braziliyanın üzərində təzyiqi hiss etmək mümkün idi, çünki onlar evdə oynayırdılar. Bu təzyiq həddindən artıq güclü oldu. İkinci qoldan sonra bir qədər özlərini itirdilər və hesabı bərabərləşdirmək üçün həddindən artıq istəkli olduqları üçün bir neçə sadə səhvə yol verdilər. Birdən hesab 5:0 oldu”.
Müllerin sözlərinə görə, Almaniya millisinin baş məşqçisi Yoahim Löv fasilədən sonra komandasından sakit və rəqibə hörmətlə oynamağı istəyib.
Müller görüşün sonlarında Braziliya millisinin müdafiəçisi David Luiza ilə yaşadığı insidentdən də danışıb.
“Son 15 dəqiqədə düşünürəm ki, o, məni vurmaq istəyirdi. Buna görə də sadəcə ondan qaçırdım”, – deyə futbolçu gülümsəyərək xatırlayıb.
Qeyd edək ki, həmin görüşün ilk hissəsində almanlar rəqib qapısına 5 cavabsız qol vurmuşdular.Almaniya turnirin finalında Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.