- Dünya çempionatı
- 23:45 08.10.2026
UEFA-nın vitse-prezidenti Laura Makallister Aleksander Çeferinin təşkilatın prezidenti vəzifəsinə yenidən seçilmək üçün namizədliyini irəli sürməsi ilə bağlı ittihamlara cavab verib.
90deqiqe.Az-ın məlumatına görə, Makallister təşkilatın bu məsələdə ikili standart tətbiq etdiyi barədə iddiaları rədd edib:
“Düşünmürəm ki, bunu ikili standart adlandırmaq olar. Çünki öz nizamnaməmizlə bağlı məsələ aydınlaşdırılıb və bütün bunlar nizamnaməyə tam uyğundur. Futbolun gələcəyi ilə bağlı belə qlobal qeyri-müəyyənliyin olduğu bir vaxtda UEFA rəhbərliyinin dəyişdirilməsi imkanını nəzərdən keçirmək ağılsızlıq olardı”, – deyə Makallisterin sözlərini “Irish Examiner” nəşri sitat gətirib.
Onun sözlərinə görə, FİFA prezidenti Canni İnfantino ilə qarşıdurma fonunda UEFA-nın güclü rəhbərliyə ehtiyacı var.
Çeferin isə UEFA üzvü olan assosiasiyaların təşkilatda fəaliyyətini davam etdirməsi ilə bağlı müraciətini qəbul etdiyini bildirib. O, Avropa futbolunun birliyini qorumaq və onu daha da gücləndirmək niyyətində olduğunu vurğulayıb.
Daha əvvəl Çeferinin qərarını dəyişərək 2031-ci ilə qədər davam edəcək yeni müddət üçün namizədliyini irəli sürməyə razılıq verdiyi məlum olub. 2024-cü ildə UEFA-nın nizamnaməsinə dəyişiklik edilərək onun yenidən seçkilərdə iştirakına imkan yaradılıb.