- Dünya çempionatı
- 23:43 14.10.2026
FIFA birbaşa qırmızı vərəqəyə görə verilən bir oyunluq diskvalifikasiyaların icrasının dayandırılmasını qadağan etməyi planlaşdırır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Telegraph” məlumat yayıb.
Qaydalara dəyişiklik təklifi ABŞ millisinin hücumçusu Folarin Balogunun 2026-cı il dünya çempionatı zamanı dərhal cəzalandırılmaqdan yayınması ətrafında yaranan qalmaqaldan sonra irəli sürülüb.
Dəyişikliyin oktyabrın 15-də, cümə axşamı Sürixdə keçiriləcək FIFA Şurasının iclasında müzakirəyə çıxarılması planlaşdırılır. Təklif son anda gündəliyə daxil edilib. İki həftə əvvəl dərc olunan gündəlikdə yalnız intizam prosedurlarına yenidən baxılması nəzərdə tutulurdu.
Təklif olunan dəyişiklik daha uzunmüddətli diskvalifikasiyaların icrasının dayandırılmasına qadağa qoymayacaq.
Qeyd edək ki, FIFA daha əvvəl Portuqaliya millisinin dünya çempionatının seçmə mərhələsində İrlandiyaya qarşı oyununda qırmızı vərəqə alan Kriştiano Ronaldunun cəzasını yüngülləşdirmişdi.