- Dünya çempionatı
- 23:43 14.10.2026
FIFA prezidenti Canni İnfantino futbolun inkişafını dəstəkləmək məqsədilə üzv ölkələrə əlavə maliyyə vəsaiti ayırmağa hazırlaşır.
90deqiqe.Az-ın məlumatına görə, planın 2027–2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulur.
FIFA-nın 211 üzv ölkəsinin hər birinə futbolun inkişafına yönəlmiş layihələr üçün əlavə 25 milyon dollar ödənilməsi planlaşdırılır. Proqramın reallaşması nəticəsində təşkilatın büdcəsindən ümumilikdə 6,5 milyard dollar ayrılacağı bildirilir.
İnfantino bu addımın 2026-cı il dünya çempionatının gözlənilən böyük kommersiya uğuru ilə əlaqədar olduğunu qeyd edib. Bununla belə, FIFA prezident seçkilərinə az müddət qalmış açıqlanan plan müzakirələrə səbəb olub.
2016-cı ildən FIFA-ya rəhbərlik edən İnfantinonun 18 mart 2027-ci ildə keçiriləcək konqresdə yenidən prezidentliyə namizəd olacağı gözlənilir. Avropa futbolunda isveçrəli funksionerin fəaliyyəti ilə bağlı narazılıqların olduğu bildirilir. İnfantino iyul ayında açıqladığı dünya çempionatı üzrə xüsusi investisiya planını isə gələn tənqidlərdən sonra bir neçə gün ərzində geri götürmüşdü.
Son günlər FIFA prezidentinin adı əməkhaqqı ilə bağlı müzakirələrdə də hallanıb. Britaniya mətbuatı İnfantinonun milyonlarla dollar həcmində əlavə ödənişlər aldığını yazıb. FIFA isə bu ödənişlərin mövcud qaydalara uyğun olduğunu bildirib.