- Dünya çempionatı
- 21:16 16.10.2026
FIFA 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatının rəsmi brendini təqdim edib.
AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, turnirin “Bu oyun sənlikdir” şüarı gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanıb. Şüar gənc nəslin böyük uğurlar qazanmaq, yeni əlaqələr qurmaq və futbolun gələcəyinin formalaşmasında iştirak etmək imkanlarını əks etdirir.
Turnirin vizual konsepsiyası Azərbaycan və Özbəkistanın mədəni irsindən, xüsusilə yerli kaşı və mozaikalardan ilham alır. Ənənəvi elementlər müasir naxışlar, rənglər və keçidlər vasitəsilə yenidən təqdim olunur.
Rəsmi emblemdə gənc futbolçuların futbolun gələcəyini formalaşdırmaq potensialını ifadə edən, “sən” mənasını daşıyan özünəməxsus “U” hərfi yer alıb. Emblemdəki “U20” elementlərinin forması isə turnirin bütün vizual materiallarında istifadə ediləcək dinamik naxışı əks etdirir. Firuzəyi, yaşıl, bənövşəyi və qırmızı rənglərin üstünlük təşkil etdiyi palitra iki ev sahibi ölkəni vahid brend ətrafında birləşdirir.
FIFA-nın baş katibi Mattias Qrafström dünya çempionatının gənc futbolçular üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, milli komandada çıxış etmək, fərqli oyun üslubları ilə tanış olmaq və öz nəslinin ən yaxşı futbolçuları ilə rəqabət aparmaq idmançılar üçün mühüm təcrübədir.
“Bu oyun sənlikdir” şüarının məhz gənclərə ünvanlandığını deyən Qrafström Azərbaycan və Özbəkistanla əməkdaşlıq çərçivəsində iştirakçılara unudulmaz turnir təcrübəsi qazandırmaq istədiklərini qeyd edib.
AFFA-nın prezidenti Rövşən Nəcəf də mundialın gənc futbolçuların inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, turnir müxtəlif ölkələrdən olan oyunçulara istedadlarını nümayiş etdirmək, beynəlxalq təcrübə qazanmaq və karyeralarında mühüm addım atmaq imkanı verəcək.
Rövşən Nəcəf yarışın yüksək səviyyəli idman tədbiri olmaqla yanaşı, gənc futbolçuların inkişafına və azarkeşlərin futbola marağının artmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Ravşan İrmatov isə dünya çempionatının iki ölkə arasındakı əlaqələri möhkəmləndirəcəyini və beynəlxalq futbol ictimaiyyətinin diqqətini cəlb edəcəyini bildirib.
Rəsmi brendin təqdimatı münasibətilə Bakı və Daşkənddə də tədbirlər keçiriləcək. Turnirin emblemi hər iki paytaxtın tanınmış məkanlarında nümayiş etdiriləcək.
Qeyd edək ki, FIFA U-20 dünya çempionatı sayca 25-ci turnir olacaq və 1977-ci ildə Tunisdə təşkil edilən ilk mundialın 50 illiyinə təsadüf edəcək. Dieqo Maradona, Lionel Messi və Erlinq Holand bu yarışda iştirak etmiş məşhur futbolçular arasındadır.