- Dünya çempionatı
- 00:15 29.10.2026
“Qalatasaray”ın sol cinah müdafiəçisi İsmail Yakobs Seneqal milli komandasındakı karyerasını başa vurduğunu açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu klub karyerasına daha çox diqqət ayırmaq və ailəsi ilə daha çox vaxt keçirmək istədiyi üçün milli komandadan ayrılmaq qərarına gəlib.
İsmail Yakobsun tam açıqlamasını təqdim edirik:
“Milli komandaya gənc bir oğlan kimi gəlmişdim, indi isə bir kişi kimi vidalaşıram. Arxada unudulmaz xatirələr, ömürlük dostluqlar və qəlbimə əbədi həkk olunacaq minnətdarlıq hissi qoyuram.
Almaniyada böyüsəm də, Seneqal məni qucaq açaraq və böyük sevgi ilə qarşıladı. Bu ölkə, azarkeşlər, komanda yoldaşlarım və mədəniyyətim sayəsində özümü çox qısa müddətdə evimdəki kimi hiss etdim.
Seneqal mənə uşaqlıq arzularımı gerçəkləşdirmək və ömrüm boyu qəlbimdə daşıyacağım anlar yaşamaq fürsəti verdi. Seneqallı bir atanın oğlu kimi yalnız öz arzumun deyil, həm də atamın arzusunun gerçəkləşməsi mənim üçün xüsusi məna daşıyırdı.
İstər yoldaşlıq görüşlərində, istər seçmə mərhələlərdə, Afrika Millətlər Kubokunda, istərsə də Dünya çempionatında ölkəmi təmsil edərkən hər zaman əlimdən gələnin 100 faizini etdim. Qazandığımız kuboklar, əldə etdiyimiz uğurlar və birlikdə bacardığımız hər şeylə fəxr edirəm. Lakin hər məğlubiyyətimizlə də eyni dərəcədə qürur duyuram. Çünki belə anlarda da bu forma uğrunda əlimdən gələni etmişdim.
Bu gün yeni səhifə açmağın vaxtıdır. Klub karyerama diqqət ayırmaq, özümə və ailəmə daha çox dəyərli vaxt sərf etmək istəyirəm. Çünki zaman çox qiymətlidir və bəzi anlar bir daha geri qayıtmır.
Seneqalla meydandakı yolum başa çata bilər, amma bu ölkə ilə aramdakı bağ heç vaxt qırılmayacaq. Seneqal mənə çox şey verdi və ümid edirəm ki, gələcəkdə futbol meydanlarından kənarda da bu ölkəyə mənə bəxş etdiklərinin bir qismini qaytara biləcəyəm.
Seneqal, arzularımı yaşamaq fürsətini mənə sən verdin. Buna görə sənə ömürlük minnətdar olacağam.
Hər şey üçün təşəkkür edirəm.
Seneqaldan heç vaxt vaz keçmərik!”