- Dünya çempionatı
- 15:53 31.10.2026
FIFA prezidenti Canni İnfantino Bakıda təşkil olunan U-15 Dünya Çempionatı və Festivalını ali futbol qurumunun son 120 ildə həyata keçirdiyi ən uğurlu layihə kimi qiymətləndirib.
90deqiqe.Az-ın məlumatına görə, FIFA-nın mətbuat xidmətinə açıqlama verən qurum rəhbəri ilk dəfə təşkil olunan turnirin dünyanın müxtəlif ölkələrindən olan gənc futbolçuları bir araya gətirdiyini və iştirakçılara unudulmaz təcrübə qazandırdığını bildirib.
“Bakıda, Azərbaycanda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı möhtəşəm turnir oldu. Bütün 211 ölkə dəvət edilmişdi, onlardan 189-u iştirak etmək qərarına gəldi. Onların hamısı unudulmaz təcrübə yaşadı.
Futbol hər kəs və dünyanın hər bir nöqtəsi üçündür. FIFA-nın əsas məqsədi də hər kəsə fürsət, şans və ümid verməkdir. Hər bir istedad dünya çempionatında iştirak etmək imkanına malik olmalıdır. Ölkəsinin böyük və ya kiçik, varlı və ya kasıb, uzaq və ya yaxın olması fərq etmir. Hər kəs bu şansa layiqdir”, – deyə Canni İnfantino vurğulayıb.
FIFA prezidenti turnirin iştirakçılar arasında dostluq münasibətlərinin qurulması və mədəni əlaqələrin genişlənməsi baxımından da əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, müxtəlif ölkələrdən gələn yeniyetmə futbolçular dil fərqinə baxmayaraq, ünsiyyət qurub, eyni yaşayış məkanında qalaraq bir-birlərini daha yaxından tanımaq imkanı əldə ediblər.
“14-15 yaşlı oğlanların ətraflarına sevinc, xoşbəxtlik və sevgi bəxş etməsi çox gözəl idi. Onlar bu səmimi təcrübəni bütün həyatları boyu özləri ilə daşıyacaqlar. FIFA nöqteyi-nəzərindən son dərəcə xoşbəxtəm. Düşünürəm ki, bu, FIFA-nın son 120 ildə gördüyü ən yaxşı işdir”, – deyə qurumun rəhbəri əlavə edib.
Qeyd edək ki, Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalının finalında İspaniya millisi Çexiya yığmasını 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.