- Dünya çempionatı
- 15:53 31.10.2026
FIFA-nın Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger Bakıda təşkil olunan U-15 Dünya Çempionatı və Festivalına yüksək qiymət verib.
90deqiqe.Az-ın məlumatına görə, FIFA-nın mətbuat xidmətinə açıqlama verən fransalı mütəxəssis yeni yarış formatının oyunların dinamikasına və mübarizənin intensivliyinə müsbət təsir göstərdiyini bildirib.
“Hər kəs bu turnirə aşiq olub və hamı onun dərhal yenidən keçirilməsini istəyir. Ümumilikdə görürük ki, bütün dünya futbol oynayır və böyük ölkələrlə kiçik ölkələr arasındakı fərqlər düşündüyümüz qədər böyük deyil. Meydandakı oyunçu sayının azaldılması bu fərqlərin aradan qaldırılmasına müəyyən qədər kömək edir. Eyni zamanda, hər matçın intensivliyi və futbolçuların əzmkarlığı çox yüksək səviyyədə idi”, – deyə Venger bildirib.
FIFA rəsmisi yarışın futbolçuların diqqət və konsentrasiya qabiliyyətinin inkişafına, eləcə də texniki bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratdığını vurğulayıb.
“Bu oyun formatı futbolçulardan yüksək diqqət və konsentrasiya tələb edir. Onlar bu keyfiyyətlərini də inkişaf etdiriblər. Texniki səviyyə çox yüksək idi. Meydanın bir tərəfindən digər tərəfinə sürətli keçidlərin çox şahidi olduq.
Bu format 11-ə 11 futbolunda tələb olunan uzunmüddətli hazırlıq və səbir mərhələsini azaldır. Topu ələ keçirən kimi dərhal təhlükəli hücum təşkil etmək mümkündür. Bu da azarkeşlərin diqqətini daim oyunda saxlayır və onların futboldan daha çox zövq almasına şərait yaradır”, – deyə A.Venger əlavə edib.