- Dünya çempionatı
- 19:44 04.11.2026
Beynəlxalq Futbol Federasiyası (FIFA) Azərbaycanda keçirilən U-15 Dünya Çempionatı və Festivalında hakimliyin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) təşəkkürünü bildirib.
AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina qurumun baş katibi Cahangir Fərəcullayevə ünvanladığı rəsmi məktubda turnirdə hakimliyin beynəlxalq standartlara uyğun təşkil edilməsini və oyunların peşəkar səviyyədə idarə olunmasını yüksək qiymətləndirib.
“Belə mühüm tədbirin uğurla həyata keçirilməsi yalnız peşəkar hazırlıq, yüksək təşkilatçılıq bacarığı və fədakar komanda işi sayəsində mümkün olub. Bu baxımdan, AFFA-nın Hakimlər Komitəsi və Hakimlər Departamentinin göstərdiyi səyləri xüsusi qeyd etmək istəyirik”, – deyə məktubda bildirilib.
Pyerluici Kollina həmçinin yarışın hakim təminatında və oyunların idarə olunmasında iştirak edən AFFA əməkdaşlarına, xüsusilə azərbaycanlı futbol hakimlərinə mundialın uğurla keçirilməsinə verdikləri töhfəyə görə təşəkkür edib.
Qeyd edək ki, oktyabrın 22-dən 30-dək Azərbaycanda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunlarında ümumilikdə 86 hakim fəaliyyət göstərib. Onlardan 80-i Azərbaycanı, 3-ü Gürcüstanı, 3-ü isə Türkiyəni təmsil edib.