19 noyabr 2026. Cümə axşamı

FIFA danışılmış oyunlarla bağlı anonim məlumatvermə sistemi yaradıb


FIFA danışılmış oyunlarla bağlı anonim məlumatvermə sistemi yaradıb

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) futbolçulara və hakimlərə danışılmış oyunların təşkili cəhdləri, eləcə də yarışların dürüstlüyünə xələl gətirən digər pozuntular barədə anonim məlumat verməyə imkan yaradan yeni sistem istifadəyə verib.

90deqiqe.Az-ın FIFA-nın rəsmi saytına istinadən məlumatına görə, ABŞ-nin “RealResponse” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılan sistem qurumun bayrağı altında keçirilən bütün turnirlərin futbolçuları və oyun rəsmiləri üçün nəzərdə tutulub.

İstifadəçilər elektron poçt, SMS və xüsusi internet forması vasitəsilə FIFA-nın yarışların dürüstlüyünün qorunmasına cavabdeh bölməsinə müraciət edə biləcəklər. Sistemin əsas xüsusiyyətlərindən biri müraciət edən şəxslərin anonimliyinin qorunmasıdır.

Yeni sistem barədə futbolçulara və hakimlərə yarışlardan əvvəl keçirilən təşkilati iclaslarda məlumat veriləcək. Həmçinin iştirakçılara müvafiq məlumat materialları təqdim olunacaq, xüsusi plakatlarda isə sistemə keçid üçün QR-kodlar yerləşdiriləcək.

FIFA-nın yarışların dürüstlüyü məsələləri üzrə baş meneceri Liam Riç bildirib ki, yeni platforma futbolçulara və oyun rəsmilərinə mümkün pozuntular barədə birbaşa, təhlükəsiz və anonim şəkildə məlumat vermək imkanı yaradacaq.

Sistem vasitəsilə sosial şəbəkələrdə futbolçulara qarşı təhqir, təqib və təhdid halları barədə də müraciət etmək mümkün olacaq. Bu cür məlumatlar FIFA-nın yarış iştirakçılarının internetdə təhqirlərdən qorunması üzrə müvafiq xidməti tərəfindən araşdırılacaq.

Qeyd edək ki, FIFA-nın mövcud qaydalarına əsasən, futbolçular, hakimlər, klub nümayəndələri və digər rəsmi şəxslər oyunların nəticələrinə müdaxilə cəhdləri, eləcə də danışılmış oyunlarla bağlı təklif və məlumatlar barədə dərhal federasiyaya məlumat verməlidirlər.

Ali futbol qurumu bu məqsədlə indiyədək qorunan onlayn portaldan istifadə edib. “RealResponse” ilə əməkdaşlıq çərçivəsində yaradılan yeni sistem isə futbolçular və hakimlər üçün əlavə məlumatvermə kanalı olacaq.







Dünya çempionatı