- Dünya çempionatı
- 00:38 24.11.2026
FIFA-nın növbədənkənar onlayn konqresində 2031 və 2035-ci illərdə qadınlar arasında keçiriləcək dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin adları açıqlanıb.
90deqiqe.Az xəbər verir ki, 2031-ci ildə mundial ABŞ, Meksika, Kosta-Rika və Yamaykada təşkil olunacaq. 2035-ci ildə isə turnirə Şotlandiya, İngiltərə, Şimali İrlandiya və Uels ev sahibliyi edəcək.
Məlumata görə, hər iki dünya çempionatının təşkili üçün FIFA-ya yalnız bir namizədlik müraciəti təqdim olunub.
Qeyd edək ki, qadınlar arasında növbəti dünya çempionatı 2027-ci il iyunun 24-dən iyulun 25-dək Braziliyada keçiriləcək.
2031 və 2035-ci illərdə təşkil olunacaq turnirlərin əsas yeniliyi iştirakçı komandaların sayının artırılmasıdır. Belə ki, həmin mundiallarda ilk dəfə 48 milli komanda mübarizə aparacaq. 2027-ci il dünya çempionatında isə 32 yığma iştirak edəcək.
Xatırladaq ki, 2022-ci ildə tətbiq edilən kənarlaşdırma qərarına görə Rusiya qadınlardan ibarət milli komandası hələ də dünya və Avropa çempionatlarının seçmə mərhələlərində iştirak edə bilmir.